fd
CASP1.ORGSu, 27 Sep 2020, 03.50.09
Welcome Guest | RSS
Site menu

Section categories
TARİX . [12]MƏDƏNİYYƏT . [10]
SİYASƏT . [45]SOSİAL . [5]
TOLOŞON SƏDO . [2]TMH . [4]
ÖLKƏ XƏBƏRLƏRİ . [9]RTMM . [0]
Qedim tarixi [0]Orta esrler tarixi (7-15 asrler) [0]
Orta esrler tarixi (16-18 asrler) [0]Talish xanligi tarixi . [0]
Talish xalqi Car rusiyasi dovrunde. [0]Mugan Sovet Respublikasi tarixi . [3]
Talish milli-madani dircalish dovru (XX asrin 20-30-cu illeri) [0]Talish tarixi XX asrin 40-ci - 80-ci illerin sonu. [0]
TARİX
Talish tarixi 1993-2020-ci iller . [0]Talish-Mugan Muxtar Respublikasi tarixi . [0]
Musteqil Azerbaycan dovrunun ilk illerinde talish mili-madani dircalishi (1988-1993-cu iller). [0]Xarici Dildə Məqalələr [2]

Our poll
Rate my site
Total of answers: 2

Statistics

Total online: 1
Guests: 1
Users: 0


19.22.02
KADUSİLƏR TARİXİ ARAŞDIRMALARDA .

KADUSİLƏR TARİXİ ARAŞDIRMALARDA .

DIRƏXŞAN HIDAYƏTI FƏRD M.Füzuli adına Əlyazmalar İnstitutu, dissertant E-mail:derakshanh@yahoo.com

Açar sözlər: Kadisilər, Xəzər, Qafqaz, Albaniya, əhəmənilər, Strabon, Gilan, talışlar Ключевые слова: Кадусии, Каспийское море, Кавказ, Албания, ахаманиты, Страбон, Гилян, талыши Key words: Kadussians, Caspian sea, Caucasus, Albania, ahamian, Strabon, Gilan, the talish

E.ə.V yüzilliyin birinci yarısında Yunan şəhər-dövlətlərinin Əhəmənilər imperiyasının tərkibinə qatılması Ön Asiya tarixinin tarixşünaslığında önəmli dönüşə təkan verdi. O dövrün mütərəqqi görüşlü Yunan yazarları Əhəmənilərin təbəələri olduqlarından, imperiyanın yüksəlişi və süqutu, sakinlərinin həyat tərzi, etnik mənsubiyyəti ilə maraqlanırdılar. Təsadüfi deyil ki,bəzi vilayətlər və xalqlar haqqında həqiqi və əfsanəvi məlumatları ilk dəfə onların əsərlərindən alırıq. Xəzərin cənub-qərb sahilləri boyunca məskunlaşan kadusi tayfaları haqqında ilk və dolğun məlumatlar yunan müəlliflərinə məxsusdur. Təxminən 800 il ərzində antik dövrmüəllifləri kadusilərin yayıldığı coğrafi areal və qonşuluqdakı tayfalar barədə ötəri məlumatlarla kifayətlənmişlər. Bu müddət ərzindəqonşuların bir qismi tarixin səhnəsindən silinmiş, digərləri assimilyasiyaya uğramış, başqaları isə köç edib yerlərinidəyişmişlər. Strabon, Pomponi Mela, Pliniy, Ptolemey, Diodor və digər müəlliflər kadusilərin qonşuluğunda madayların, albanların, anariakların, elumeylərin, gellərin, matienlərin, mardların, tapirlərin, derbiklərin, kaspilərin vədigər tayfaların yaşadığını qeyd edirlər [1, 52, 169; 2, 144; 3, 144]. Antik yazarların fraqmentar məlumatları əsasında kadusi probleminin elmi araşdırılması uzun bir dövrü əhatə edir. Hələ 1875-ci ildə B.Dorn kadusiləri müasir Gilan və Deyləm vilayətlərinin qədim sakinləri kimi təqdim etmişdir [4]. Z.Yampolskiy məqaləsində diqqəti ona yönəldir ki, antik dövr müəllifləri bəzən kadusiləri «Gel» və «Leq» adları ilə təqdim edirlər. Gel və Leq tayfaları Qafqaz Albaniyasının da ərazisində qeydə alındığından, müəllif belə qənaətə gəlir ki, Albaniyanın (Azərbaycanın şimalı) və Atropatenanın (Azərbaycanın cənubu) əhalisini əsasən eyni etnoslar təşkil edirdi [5]. Kadusilərin məskunlaşdığı tarixi ərazi – Gilan V.Bartoldun tədqiqatlarında geniş əks olunub. O qeyd edir ki, Gilanın Xəzər sahilindəki düzənlik ərazilərində kadusilər, dağlıq bölgəsində isə deyləmlilər məskunlaşmışlar [6, 215-217]. İ.M.Dyakonov kadusiləri gellərdən fərqləndirir və onların Qızılüzən (və ya Səfidrud) çayı boyunca Xəzər dənizinin cənub sahillərinə doğru uzanan ərazilərdə yaşadıqlarını yazırdı [7, 225]. İ.Əliyev də antik müəlliflərəistinad edərək kadusiləri «gel» və «leq» adı ilə tanınan tayfalarla eyniləşdirir və onların nəinki Madada (sonralar Atropatenada), hətta Arazdan xeyli şimalda, Albaniyada da yayıldıqlarını göstərir [8, 103-105]. Kadusilərin xatırlandığı yazılı qaynaqların bu tayfaların yayılma arealı, onların tarixi, etnik kimliyi ilə bağlı məlumatları son 40 ildə işıq üzü görən tədqiqat əsərlərinin mövzusu olmuşdur. Ən əsası odur ki, bu tədqiqatlarla e.ə. I minillikdə Ön Asiyanın hərbi-siyasi həyatında kadusilərin mövqeyini və rolunu təyin etmək mümkün oldu. E.ə. IX əsrdən etibarən kadusilər hərbi münaqişələrə cəlb olunurlar. Siciliyalı Diodor özündən xeyli əvvəl yaşamış  Ktesiyə istinadən xəbər verir ki, Assur hökmdarı Nin kadusilərin və onların qonşuları tapirlərin torpaqlarını zəbt etmişdir. Nin əfsanəvi hökmdar sayılsa da, onun zövcəsi kimi təqdim olunan Semiramida (assurca Şammuramat) tarixi şəxsiyyət olmuşdur. Mixikitabələrdə bildirilir ki, Şammuramat Assur hökmdarı V Şamsi-Adadın zövcəsi olmuş və oğlu III Adadnerariyə qədər (təxminən e.ə. 810-805-ci illərdə) ölkəsini idarə etmişdir [7, 167-169]. Tarixi sənədlərdən məlumdur ki, e.ə.823-810-cu illərdə V Şamsi-Adadın sərkərdələri Manna və Maday torpaqlarına yürüşlər etmiş, hətta «Gündoğan dənizə» qədər (Xəzər nəzərdə tutulur) gedib çıxmışlar [7, 164-165]. Assurluların, nisbətən sonralar isə urartuluların Xəzər sahillərindəki ərazilərə marağı buradan keçən mühüm ticarət yoluna nəzarətə sahib olmaq iddiası ilə əlaqələndirilir. Urartu hökmdarı II Argiştinin (e.ə.714-685-ci illər) bu istiqamətdəki hərbi səfərləri də bununla bağlıdır. Sarab yaxınlığından tapılan 3 urartu mətni burada, yəni Gilana gedən yolda bir neçə yaşayış məskəninin (Arhu, Uşulu, Qirdu, Qituhani, Buku, Tuişdu) işğalından xəbər verir [9, 140]. Kadusilər Maday tayfa ittifaqına qatılmasalar da, qonşuları saklar və hirkanlılarla birgə Assur dövlətinə qarşı müharibədə madaylara yardım edirdilər. Assur dövlətinin süqutundan sonra Maday hökmdarları kadusilərin torpaqlarını istila etməyə çalışırdılar. İlk təşəbbüslər uğursuz olsa da, Kiaksarın dönəmində (e.ə. 625-584-cü illər) kadusilərin məskunlaşdığı ərazilər Maday dövlətinin tərkibinə qatılır [3, 145-146]. Təxminən 70 illik əsarətdən sonra kadusilər mərkəzi hakimiyyətə qarşı üsyan qaldırırlar. Ktesiy xəbər verir ki, üsyanı yatırmaq üçün Maday hökmdarı Astiaq sərkərdəsi Kuruşu döyüşə yollayır. Lakin Kuruş kadusilərin hökmdarı Onaferlə ittifaq yaradaraq Astiaqa qarşı çıxır və sonuncu Maday hökmdarını devirir [10, 35]. Kadusilərin Əhəməni hökmdarı II Kuruşla tərəfdaşlıq münasibətləri Babilistanla müharibədə də ön plana çıxır. Ksenofant bildirir ki, bu müharibədə kadusilər Əhəməni ordusuna böyük qüvvə ilə – 20000 piyada və 4000 atlı ilə dəstək vermişlər [3, 147]. II Kuruş oğlu Bardiyanı (Ksenofont onu Tanioksar adlandırır) kadusilərin, Madayın və Arminiyanın satrapı təyin etmişdir [11, 27]. E.ə.522-ci ildə Bardiyanın öldürülməsi ilə Əhəmənilər imperiyasının müxtəlif yerlərində mərkəzi hakimiyyətə qarşı üsyanlar baş qaldırır. Bu üsyanlarda kadusilərin də iştirakı şübhə doğurmur, çünki Bardiyanın satrapı olduğu Madanı və Arminiyanı üsyan dalğası bürümüşdü. Bisitun kitabəsi bu satraplıqlarda üsyanların yatırıldığını göstərsə də, kadusilər barədə heç bir məlumat vermir. Digər tərəfdən, Əhəmənilər imperiyasına daxil olan ərazilərin rəsmi siyahısında və Herodotun anoloji siyahısında kadusilər heç bir satraplığın tərkibində göstərilməyiblər. Bu səbəbdən bir sıra tədqiqatçılar kadusilərin Əhəmənilərin inzibati-ərazi bölgüsünə qatılmadıqlarını, yalnız siyasi təsirə məruz qaldıqlarını qeyd edirlər. Bu nominal asılılığı aradan qaldırmaq üçün kadusilər Əhəməni hökmdarı II Artakserksə (e.ə. 404-359-cu illər) qarşıüsyan qaldırırlar. Hərbi əməliyyatları təsvir edən Plutarx xəbər verir ki, kadusilərin başçısı Datam ilə döyüşdə Əhəməni ordusu xeyli canlı qüvvə itirmişdir [12, 245]. Kadusiləri işğal etmək üçün son təşəbbüs e.ə. 358-ci ildə Əhəməni şahənşahı III Artakserks tərəfindən həyata keçirilir. Roma tarixçisi Yustin xəbər verir ki, kadusilərin cəngavərinə qalib gələn Arsam Kodoman (sonralar Əhəməni hökmdarı III Dara) ordunun döyüş ruhunu bərpa etdiyi üçün sonralar Arminiyanın satrapı təyin olunmuşdur [12, 249]. E.ə.331-ci ildə baş verən Qavqamela döyüşündə kadusilər Əhəməni ordusunu canlı qüvvə ilə təmin edirdilər. Bu barədə məlumat verən Arrian qeyd edir ki, kadusilər albanlar və sakesinlərlə birgə Madayın satrapı Atropatın ordusunda Makedoniyalı Aleksandra qarşı döyüşürdülər. Bu döyüşdə Atropatın qüvvələri fərqli cinahlarda – kadusilər sol qanadda, albanlar və sakesinlər isə mərkəzdə yerləşdirilmişlər [3, 150-151]. Əhəmənilərin süqutundan sonra da Atropatena dövlətində kadusi hərbi dəstələri aparıcı qüvvə olaraq qalırdılar [10, 451-452]. Strabon qeyd edir ki, Atropatena ordusunda kadusi piyadaları sayca yalnız ariyalılardan geri qalırdılar, onlar mahir sapand atıcıları idilər [3, 151- 152]. Muzdlu kadusi hərbi dəstələri Selevki hökmdarlarının ordularında da iştirak edirdilər. Polibiy yazır ki, kadusilər madaylar, karmaniyalılar vəkissiyalılarla birlikdə 5000-lik hərbi dəstənin tərkibində Antioxun ordusunda döyüşmüşlər [3, 152]. Sasanilərin hakimiyyəti dönəmində etnonimin adında dəyişiklik baş verdiyindən mənbələrdə kadusilər «hun» adı ilə göstərilirlər. Məsələn, Antioxlu İohan məlumat verir ki, Sasani şahı Perozun vəfatından sonra oğlu və varisi Kavad «hun» adı ilə tanınan kadusilərin yanında sığınacaq tapmışdır [3, 153]. Görünür V əsrdən türk mənşəli hun tayfaları Gilanda geniş yayılmışlar. Bununla belə, kadusilərin təsiri bəzi yerlərdə qalmaqda davam edirdi. Belə ki, B.Dorn kadusilərin izlərinin Gilandakı Kadusera kəndinin adında qaldığını qeyd edir [4, 60]. Kadusilərin etnik mənsubiyyəti indiyədək mübahisə predmeti olaraq qalır. Tədqiqatçıların bir qismi onları irandilli, digərləri isə qeyri-irandilli hesab edirlər. «Kadusi» etnoniminin izahı əsasında problemin həlli perspektivsiz görünür. Belə ki, etnonim yalnız yadelli qaynaqlarda qeydə alındığından onun həqiqətdə neсə səsləndiyini bilmirik. Problemin həllini çətinləşdirən mühüm amil onamastik (şəxs adları) və toponimik (yer adları) materialın olduqca azlığı ilə bağlıdır. Antik yazarların təhrif olunmuş formadaqeydə aldıqları 5 kadusi şəxs adından üçünün iranmənşəli olduğu şübhə doğurmur: 1. Persond. Ktesiy bu etno-antroponimi kadusilərin mifik hökmdarına (e.ə. VI əsrin birinci yarısı) şamil edir. Ad onu daşıyanın fars (parsa) mənşəyindən xəbər verir. 2. Onafern. II Kuruşun müasiri olan (e.ə.VI əsrin ortaları) kadusi hökmdarı olmuşdur. İsmin ikinci elementi (fern farna) qədimİran dillərində «səmavi nemət» anlamını verir. Bu tip adlar qədim farslar üçün xarakterik idi (Vindafarna, Farnabaz, Farnak və s.). 3. Datam. II Artakserksin ordusuna qarşı döyüşən sərkərdə. Ad hərfən «Qanuni» (qədim farsca data «qanun») və ya «Natiq» (qədim farsca datiy «söyləmək», «danışmaq») mənalarını verir. Digər iki isim – Alkavn və Rafin ehtimal ki, latın mənşəlidir. İ.Əliyev 1960-cı ildə kadusilərin qeyri-irandilli olduğunu iddia edərək Qafqaz mənşəli hurri dilinə bağlayırdı [8, 103-104]. Növbəti monoqrafiyasında isə o, kadusilərin varisi olan gellərin (gilanlıların) İran dialektlərinin birində danışdıqlarını əsaslandırmağa çalışır [13, 15- 16]. Eyni ilə E.Qrantovskiy də filoloji araşdırma aparmadan kadusilərin iranmənşəli olduğunu iddia edir [14, 374]. Q.Qeybullayev məsələyə daha həssaslıqla yanaşır və İran tədqiqatçıları A.K.Təbrizi və M.C.Maşkura istinadən etno-toponimik araşdırma aparır. Bu tədqiqatçılar hesab edir ki, «Kadusi» müasir «talış» (yerli dildə «qaluş») etnoniminin yunanca ifadə forması olmuşdur [2, 178, 359-362]. R.Məlikov da kadusilərin varisləri olan gellərin İran dialektlərinin birində danışıqları ideyasının tərəfdarıdır [3, 154]. Tədqiqatçıların digər bir qrupu kadusiləri qeyri-irandilli hesab edir. V.Bortalda görə Xəzərin cənub-qərb sahiliboyunca məskunlaşan tayfalardan girkanlılar müstəsna olmaqla anariaklar (hərfən «qeyri-arilər»), mardlar, tapirlər və onların qonşuları kadusilər irandilli etnoslardan olmayıblar [6, 215]. Son zamanlar kadusiləri qeyri-iranmənşəli hesab edən tədqiqatçılar arasında iki fərqli cərəyan kəskin şəkildə nəzərə çarpır. Tədqiqatçıların birqismi antik yazarların ziddiyyətli məlumatlarına əsaslanaraq kadusiləri Qafqaz mənşəli hesab edirlər [5; 15, 380]. Buna səbəb bəzi antik müəlliflərin leq və gel tayfalarının kadusilərlə eyniləşdirilməsi, digərlərinin isə bu tayfaların Albaniyada məskunlaşması ilə bağlı məlumatlarıdır [1, 275]. Strabon Albaniyada 26 fərqli tayfanın yaşadığı barədə məlumat verir. Onların yalnız Qafqaz və iranmənşəli olduğu fikri birmənalı qəbul olunmur. Məsələn, Ə.Ələkbərov ilk orta əsrlərdə burada türkmənşəli etnosların da mövcudluğunu filoloji dəlillərlə əsaslandırmağa çalışır və hesab edir ki, Gilanda məskunlaşan əhalinin bir qismi, o cümlədən kadusilər qədim türk dialektlərindən birinin daşıyıcıları ola bilərdi [16, 18-19, 22, 23]. Ərəb müəllifi İbn Xaukala istinadən V.Bartold gellərin fars arran və erməni dillərindən fərqli dildə danışdığını qeyd edir [6, 217]. Əlbəttə, bütün bu deyilənlər Gilanda bizim eradan əvvəl iranmənşəli əhalinin, o cümlədən talışların yaşamadıqları anlamına gəlmir. Belə ki, antik yazarlardan Qay Yuliy Solin «Xəzərin sahillərindəki tayfalarla qonşuluqda yaşayan» tal tayfasının adını çəkir. K.Əliyev onları talışlarla eyniləşdirməyin mümkünlüyünü qeyd edir [1, 174, 291]. Yazılı mənbələrin məlumatları yetərincə olmadığından Gilanın əsas sakinləri olan kadusilərin etnik mənsubiyyətini hazırkı mərhələdə təyin etmək imkansız görünür. Kadusilərin tarixi və etnik mənşəyi ilə bağlı məsələlər İran tədqiqatçılarının da əsərlərində nəzərdən keçirilib. Bu sahədəaraşdırmalar İran İslam inqilabının qələbəsindən sonra geniş vüsət almışdır. İran tarixşünaslığında Gilanda qədim dövrlərdən məskunlaşan tayfa və millətlərin kimliyi məsələsi mübahisə mövzusu sayılmır. Problemin tədqiqatçıları Məhəmməd Cavad Maşkur və Əhməd Kəsrəvi kadusilərin Gilanda yerli əhali olduğunu ön plana çəkir, «Kadus» və «taluş» terminlərinin genetik bağlılığına toxunaraq kadusi tayfalarını müasir talışların əcdadı hesab edirlər [17, 248; 18, 286]. Gilanın erkən orta əsrlərdən müasir dövrəqədərki tarixini araşdıran Q.Faxtə vilayətin əhalisinin etnik baxımdan dəyişməz qaldığının və siyasi-iqtisadi proseslərdə yaxından iştirak etdiyi fikrinin tərəfdarı idi [19]. 

İstifadə olunmuş ədəbiyyat:

1.Алиев К. Древнегреческие и латинские первоисточники по истории древнего Азербайджана (с примерами нового толкования). Б., 2010.

2.Гейбуллаев Г. К этногенезу азербайджанцев. Б., 1991.

3.Меликов Р. Этническая картина Азербайджана впериод Ахеменидского владычества. Б., 2003. 4. Дорн Б. Каспий. СПб. 1875.

5. Ямпольский З. К вопросу об однаименности древнейшего населения Атропатены и Албании // Труды Института истории и философииАН Азерб. ССР, том IV, Б., 1954.

6. Бартольд В. Сочинения. Том. VII, М., 1971.

7. Дьяконов И. История Мидии: от древнейших времѐн до конце IV в.до. н.э. М.- Л., 1956.

8. Алиев И. История Мидии, Б., 1960.

9. Медведская И. Древний Иран накануне империй (IX-VI вв.до н.э.). История Мидийскогоцарства. СПб. 2010.

10. Пьянков И. Борьба Кира II с Астиагом по данным античных авторов // Вестник Древней Истории, 1971, №3, 16-37.

11. Струве В. Восстание в Маргиане при Дария I // Вестник Древней истории, 1949, №2, 10-29. 12. Дандамаев М. Политическая история Ахеменидской державы, М., 1985.

13. Алиев И. Очерки истории Атропатены, Б., 1989.

14. Грантовский Э. Ранняя история иранских племен Передней Азии. М., 1970.

15. Мамедова Ф. Кавказская Албания и албаны, Б., 2005.

16. Алекперов А. Один из древнейших тюркских этносов Передней Азии – Кадусии //Azərbaycantarixqurumu. Tarixvə gerçəklik, 2010,№1.

17. M.C.Maşkur. İranqədimzamanlarda. Tehran, 1989 (farsdilində).

18. S.Ə.Kəsrəvi. Unudulmuş hökmdarlar, Tehran, 1999 (fars dilində).

19. Q.Faxtə. İslamdan sonra Gilan tarixi. Tehran, 2008 (fars dilində). 

caspi1.org

 

Category: TARİX . | Views: 164 | Added by: ruslantalish7 | Tags: caspi1.org | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  May 2020  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Entries archive

Site friends

Copyright MyCorp © 2020