Nariman Agazadə : SƏNİN GÖZLƏRİN
SƏNİN GÖZLƏRİN
Ayrı bir dünyadı sənin gözlərin,
Orda səni tapıb, özüm itmişəm.
Dodağın gizlərkən ürək sözlərin,
Gözün pıçıldayıb, mən eşitmişəm.
Bəzən o dünyanı duman bürüyür,
Yaşını cisminə hopdurub, udur.
Bəzən ümidsizdir, həyat çürüyür,
Sanki can evinin son yuxusudur.
Bəzən o gözlərdən bir məsum körpə,
Bir qənirsiz mələk əl eylər mənə.
Kirpiklər bir-birin gah öpə-öpə,
Qırpınar, çırpınar, “gəl” eylər mənə.
Bəzən Günəş gülər bəbəklərində,
Üstümə nur çilər qəhqəhə səsi.
Çiçəklər gizləyər köynəklərində,
Ruhuma can verər sevgi nəfəsi.
Axtarma, qoy itim mən gözlərində,
Qopmaram dünyamdan, zəliyəm axı.
Gizlə gözlərinin gizli yerində,
Onların eşqindən dəliyəm axı.
Yatım gözlərinin qucağında mən,
Çünki, çox sevimli anamdır mənim.
Soruşma, sevirəm belə çox, nədən?
Sənin gözlərindir mənim Vətənim.
Gözünə gözündən doğulmuşam mən,
Anam öz bətnində dəfn etsin məni.
Gözünün yaşında boğulmuşam mən,
Gecikmiş Əzrayıl əfv etsin məni.
Nəriman Agazadə .