RUBAİLƏR
RUBAİLƏR.
(Heca vəznində hər misrada hecaların sayının bərabər olmasından başqa bölgü(təqti) deyilən bir qayda var. Hər sətirdə müəyyən yerdə fasilə olur. Birinci misrada neçə hecadan sonra fasilə olubsa qalan misralarda da həmin yerdə fasilə olmalıdır.
Bubailər də bayatılar kimi heca vəzninə aid olub, müstəqil mənalı on bir hecalı dördlüklərdir.
Soyunda, genində varsa şərarət,
Onlarda görmüşəm belə bir halət,
Elmə nail olub, olsa da alim,
Qanında silinməz, qalar əlamət.
******* *******
Halallıq insanın qanında gərək,
Halal toxum becər, halal toxum ək.
Su tökməklə quyu su ilə dolmaz,
Mənbəyi quyunun özündə gərək.
******* ******"
Gənclik axar çaydır, qocalıq dəniz,
Çayı lilləndirir öz səhvlərimiz
Bu gilli, bu lilli axıntılardan,
Dənizin suyu da olmayır təmiz.
**"""*"" *******
Gəlib yan alanda ömür finişə,
Qoca xoş xəyallar qurar həmişə
Xatirə- keçmişin həqiqətidir,
Xəyallar aparar onu keçmişə.
********** ********
Hər dərdin məlhəmi, öz dərmanı var,
Hər qışın qəlbində titrək bir bahar,
Qaranlıq gecənin aydın səhəri,
Hər bir ümidsizin ümid anı var.
********* ******
Ömrümü boş yerə mən verdim bada,
Qismətmiş dərd, qəmi çəkəm dünyada,
Başqası var imiş lap mənim kimi,
Elə bilirdim ki, təkəm dünyada.
****** ******
Qəm, kədər yükünü çox daşımışam,
Bu nakam talemlə mən barışmışam
Günahsız, utancaq ilk məhəbbəti,
Qəlbimdə basdırıb, mumyalamışam.