fd
CASP1.ORGSu, 27 Sep 2020, 04.55.58
Welcome Guest | RSS
Site menu

Section categories
TARİX . [12]MƏDƏNİYYƏT . [10]
SİYASƏT . [45]SOSİAL . [5]
TOLOŞON SƏDO . [2]TMH . [4]
ÖLKƏ XƏBƏRLƏRİ . [9]RTMM . [0]
Qedim tarixi [0]Orta esrler tarixi (7-15 asrler) [0]
Orta esrler tarixi (16-18 asrler) [0]Talish xanligi tarixi . [0]
Talish xalqi Car rusiyasi dovrunde. [0]Mugan Sovet Respublikasi tarixi . [3]
Talish milli-madani dircalish dovru (XX asrin 20-30-cu illeri) [0]Talish tarixi XX asrin 40-ci - 80-ci illerin sonu. [0]
TARİX
Talish tarixi 1993-2020-ci iller . [0]Talish-Mugan Muxtar Respublikasi tarixi . [0]
Musteqil Azerbaycan dovrunun ilk illerinde talish mili-madani dircalishi (1988-1993-cu iller). [0]Xarici Dildə Məqalələr [2]

Our poll
Rate my site
Total of answers: 2

Statistics

Total online: 1
Guests: 1
Users: 0


11.50.50
Talış meşələrinin relikt və endemik flora zənginliyi

Talış meşələrinin relikt və endemik flora zənginliyi

 

 

Dünyanın əsrarəngiz güşələrindən biri də unikal təbiətə, zəngin faunaya, rəngarəng flora və bitki örtüyünə malik ölkəmizin cənubunda yerləşən Talış dağları və meşələridir. Bu bölgədə dəniz və meşənin bərabər varlığı da ayrıca bir təbiət gözəlliyini təşkil edir və onun möhtəşəmliyini bir daha göstərir. Nə qədər flora və faunası zəngin olsa da, onların mühafizəsində son dönəmlərdə bir sıra problemlərə də rast gəlinir. Bu sahədəki problemlərin həllində Qızılağac qoruğu və Hirkan Milli Parkının əhəmiyyətli rolu var. Xüsusən, Hirkan Milli Parkı Talış meşələrinin mühafizə edilməsində müstəsna rola sahibdir. Elə Hirkan Milli Parkının yaradılmasında əsas məqsəd də həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş tipik flora və fauna növlərinin və bioloji növ müxtəlifliyinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir. Lakin bu da bir həqiqətdir ki, qoruqların əhatə etmədiyi ərazilərdə bu cür problemlərin həllində sıxıntılar hələ də qalmaqdadır.

 

Bu yazıda ərazinin florası ilə geniş tanış olacaq, həm də bu sahədəki problemlərin həllində, xüsusən, flora zənginliyinin qorunmasında həyata keçirilə biləcək həll yollarını araşdırmağa çalışacağıq. Çünki Azərbaycanın Cənub bölgəsində yerləşən Talış meşələrində bir çox relikt və endemik ağac və bitki növləri mövcuddur. Heç şübhəsiz, onların qorunması ətraf mühitin mühafizəsi sahəsində görüləcək ən prioritet xidmətlərdən sayıla bilər.

 

Ölkəmizin rəngarəng flora və bitki örtüyü

 

Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Növlərin ümumi sayına görə Azərbaycanın florası Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Respublikada rast gəlinən bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir. Azərbaycan Respublikasında floranın zəngin və bitki örtüyünün rəngarəng olması, onun fiziki-coğrafi və təbii-tarixi şəratinin müxtəlifliyi və həmçinin uzaq floristik sahələrinin təsiri altında formalaşmış mürəkkəb tarixi ilə əlaqədar olmuşdur.

Azərbaycan meşələrinin ümumi sahəsi 1213,7 min hektardır. Bundan meşə ilə örtülü sahə 989,5 min hektar təşkil etməklə, respublikamızın ümumi ərazisinin 11,4%-ni əhatə edir. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdunya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (orta rəqəm - 0,48 ha) azdır. Azərbaycanda meşələr sahəcə az olsalar da növ zənginliyi ilə məşhurdur. Azərbaycan Respublikası bir çox nadir bitki və kol növlərinin vətəni sayılır. Burada 4500-dən cox çiçəkli, ali sortlu bitki növü yayılmışdır. Eyni zamanda 435 növ ağac və kol bitir ki, onlardan da 70-i endemik növlərə aiddir.

 

Ümumilikdə, respublikada 240 növ endemik sayılır. Bütün Respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük və Kiçik Qafqazın, Talış dağlarının alçaq və orta dağlıq hissələrində geniş yayılmışdır. Azərbaycan florasının tərkibində bütün areal tiplərinin nümunələrinə, yəni, qədim meşə, boreal, bozqın, kserofil, səhra, Qafqaz və adventiv bitki tiplərinə rast gəlinir. Qədim meşə tipləri nümunələri ən çox Talışda, boreal tip Böyük və Kiçik Qafqazın dağ zonalarında, az miqdarda isə aşağı qurşaqlarda, kserofil, Qafqaz, bozqır və səhra tipləri isə respublikanın düzən, dağətəyi və bozqır yaylarında, ən çoxu isə Kür-Araz ovalığında yayılmışdır. Adventiv areal tipi isə bir qədər az rast gəlinir. Kür-Araz ovalığı, Xəzəryanı və başqa düzənliklərin göl, gölməçə, axmaz və bataqlıq sahələrində zəngin və rəngarəng bitki örtüyü inkişaf etmişdir. Azərbaycan Respublikası Üçüncü dövrə aid olan relikt cinslərlə də zəngindir. Yuxarıda qeyd etdiyimiz kimi, Respublikada 240 endemik bitki növü mövcuddur. Bunların nümayəndələrinə bütün zonalarda, xüsusilə Talış zonası ərazisində daha çox rast gəlinir.

 

Talış meşələrin unikal təbiəti: zəngin, eyni zamanda relikt və endemik olan flora və fauna

 

Öncəliklə qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Talış dağlarının tərkibindəki Hirkan meşələrinin YUNESCO-nun Ümumdünya Mədəni və Təbii İrs Siyahısına daxil edilməsi üçün layihə smeta sənədləri hazırlanaraq, Ümumdünya İrs Siyahısına göndərilib.

Talış meşələriylə, onun zəngin olan relikt (latın sözüdür, “qalıq” deməkdir, buzlaşmaya məruz qalmayan ərazilərdəki Üçüncü dövr bitkiləri mənasına gəlir) və endemik (yunan sözüdür, yerli, müəyyən bir yerə xas olan mənasındadır) bitki və ağac növləriylə, eyni zamanda zəngin faunasıyla qısaca tanış olaq. Əvvəlcə onu da qeyd edək ki, indiyə qədər bir çox dünya və respublikamızın alimləri bu bölgədə maraqlı elmi araşdırmalar aparmışlar. Onlardan A.Oleari, Akademik H.Əliyev, İ.S.Səfərov, V.C.Hacıyev və b. adını çəkmək olar. Məlumat üçün bildirək ki, Talış meşələri Talış dağlarında və qismən Lənkəran ovalığında yerləşən meşələrdir. Talış dağları şimal-qərbdən cənub-şimala bir-birinə paralel istiqamətdə uzanan Talış silsiləsi, Peştəsər silsiləsi və Burovar silsiləsindən ibarətdir. Bunlardan ən uzunu (təqribən 100 km) və hündürü Talış silsiləsidir. Ən yüksək zirvələri Marayurd (2509 metr), Kömürköy (2492 metr) və Qızyurdu (2433 metr) zirvələridir. Talış silsiləsinin cənub-şərqi Azərbaycanın ən çox yağıntılı yerlərindəndir (ildə 1900 mm-dək). Ərazidə dağ-sarı, qonur dağ-meşə, qəhvəyi dağ-meşə və s. torpaqlar yayılmışdır. Bitki örtüyü zəngin və müxtəlifdir. Ərazi yayı quraq keçən mülayim-isti iqlimə malikdir. Talış silsiləsinin yüksək hissələri soyuq və quraq iqlimi ilə fərqlənir. Çayları (Viləş, Lənkəran, Təngərüd, Astara və s.) Xəzər hövzəsinə aiddir. Talış meşələri dəniz səviyyəsindən 2200 metr yüksəkliyə yayılaraq 150 min hektar sahədə yerləşir. Burada eyni zamanda Hirkan tipli subtropik meşələr də mövcuddur. Diabar müstəsna olmaqla Talış meşələrində 36900 hektarlıq sahədə 1167 növ bitki qeydə alınmışdır.

 

Növ zənginliyinə görə Talış meşələri Qafqazın 18 flora əyaləti içərisində birinci yeri tutur. Burada həm də hər 1000 hektara 32 bitki növü düşür. Bu da Qafqazda ən yüksək rəqəmdir. Buradakı mövcud olan 174 növ ağac və kolun 36 növü endemdir. Hirkan meşələrində Xəzər lələyi, Hirkan armudu və ipək akasiyasının mövcudluğu bu meşələrin vaxtilə Şərqi Asiya və Himalay florası ilə genetik əlaqəsi olduğunu da göstərir. Talış meşələri sonuncu buzlaşmaya məruz qalmadığı üçün həmin dövrün flora nümunələri qismən qorunub saxlanılmışdır. Bu isə, heç şübhəsiz, dünya florasının tədqiqində böyük tarixi və elmi əhəmiyyətə malikdir. Qeyd edək ki, Talış dağlarında meşələrin yayılmasında şaquli qanunauyğunluq mövcuddur. Bu qurşaqlar düzən, aşağı dağ, orta dağ, yuxarı dağ, subalp-meşə və dağ-çəmən qurşaqlarına bölünür. Hər qurşağın isə özünəməxsus bitki qruplaşması vardır. Ərazinin bir hissəsini qarışıq meşələr təşkil edir. Burada 1 km2 ərazidə 35-ə yaxın növdə ağac və kol növlərinə rast gəlmək olur. Onların arasında əsasən şabalıdyarpaq palıd, fıstıq, vələs, dəmirağac, qızılağac, azat ağacı, Qafqaz xurması və s. ağac növləri xüsusi yer tutur ki, bunların da bir çoxu reliktdir. Bu ağacların orta yaşı 120-150 ildir. Meşələrin orta boniteti II-III, orta sıxlığı isə 0,57-0,51-dir.

Meşələrdə ayıdöşəyi, dəmirağacı, azat, vələs, cökə, Lənkəran akasiyası, Hirkan bigəvəri, Hirkan şümşadı, adi qoz, şabalıdyarpaq palıd, ipək akasiya, ağcaqayın, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xirniyi, pırkal və müxtəlif lianlar (sarmaşıq bitki növləri) geniş yayılmışdır. Eyni zamanda ərazidə Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş endemik ağaclar, müxtəlif bitkilər də geniş yayılmışdır.

 

 

Ərazinin aşağı dağ hissələrində şabalıdyarpaq palıd, dəmirağacı, vələs, İpək akasiya, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, adi göyrüş, heyva, giləzəhər, alça qovaq, ağyarpaq qovaq, qarağac, söyüd, Qafqaz yemişanı, xırdayarpaq yemişan, xırda alça kolları, fars böyürtkəni, hündür mərəvcə, azat və d. üstünlük təşkil etdiyi meşələr yayılmışdır. Ot bitkiləri isə nisbətən zəif inkişaf edib. Hündürlüyə qalxdıqca, əsasən, dəmirağacı, qismən də şabalıdyarpaq palıd azalır, burada, yəni yuxarı dağ-meşə qurşağında onları fısdıq, Şərq palıdı, ağcaqayın, qaragilə, nadir halda qaraçöhrə, meşə gilası, dəfnəgilənar, şabalıd meşələri əvəz edir. Talış düzənliklərindəki bataqlıqlarda suçiçəyi, saçaqotu, süsən, qurbağaotu, sarı bataqlıq süsəni, bataqlıca xüsusi formasiyalar yaradır. Qurumuş bataqlıqlar üçün isə qaymaqçiçək, nanə, qırxbuğum, bigəvər və s. kimi bitkilər səciyyəvidir. Talışın çay kənarında yalanqoz və qızılağac çox vaxt iri meşəlik cəngəlliyi yaradır. Qızılağacın başqa bir növü (Alnus barbata) Talışın bataqlıq meşələri üçün səciyyəvidir. Talış meşələrində əncirin yerli endemik növü, xəmirmaya, çəpər sarmaşığı, gəndalaş, cilin müxtəlif növləri, ürəkotu, dişə, bataqlıqlarda süsənlik cəngəlliyi, sarı bataqlıq süsəni, qurbağaotu, bataqlıca xüsusi formasiyalar yaradırlar.

 

Ərazinin bitki aləminin zənginliyi burada çoxsaylı heyvanların yaşamasına da imkan yaratmışdır. Ərazidə heyvanat aləmi də çox zəngindir. Burada məməlilərdən Ön Asiya bəbiri, qonur ayı, xallı maral, zolaqlı kaftar, tirəndaz, çaqqal, canavar, su samuru, vaşaq, xallı maral, porsuq, çöl donuzu, cüyür, meşə pişiyi, tülkü, gəlincik, daşlıq dələsi, yenot və s. növlərə rast gəlmək olar. Ərazidə suda-quruda yaşayan heyvan növlərindən adi triton, daraqlı triton, Suriya sarımsaqıylı qurbağası, Qafqaz xaçlıcası, adi quru qurbağası yayılmışdır. Meşələrdə sürünənlərdən Aralıq dənizi tısbağası, zolaqlı çılpaqgöz kərtənkələ, girdəbaş yovşanlıq kərtənkələsi, xarabalıq kələzi, Eskulap ilanı və s. növlər mövcuddur. Burada yerləşən Hirkan Milli Parkı ərazisinində 117 növdə quş nümunələrinə rast gəlmək mümkündür. Ərazinin ornitofaunasına daxil olan qara leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmərcürə, Talış alabəzək ağacdələni, kiçik Talış alabəzək ağacdələni, Talış qırqovulu, Hirkan arıquşusu, toğlugötürən və digər bu kimi quşların bir çoxu endemik sayılır və onların əksəriyyətinin adları Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmişdir. Ərazinin entomofaunası da endem növlərlə zəngindir. Burada “Qırmızı Kitab”a düşmüş növlərdən tundqırmızı Talış uzunbığı, Talış kökyeyəni, üçpərli Talış qaçağanı, palıd diserkası, eyfema, Talış brameyası, iri tənək hafı, Oxim qızılı kəpənəyi, Aleksandra sədəflisi, Talış məxməri kəpənəyi və başqa həşəratlara rast gəlmək olar. Ümumilikdə, bu ərazidə 550-yə yaxın həşərat növü qeydə alınmışdır.

 

Ərazinin tərkibində yerləşən Hirkan Milli Parkının Lənkəran zonasının subtropik meşələrinin ən səciyyəvi xüsusiyyətlərindən biri də burada Hirkan tipli meşələrin yaxşı saxlanılması, bir çox endemik, nadir ağac və kol bitkilərinin geniş yayılmasından ibarətdir. Azərbaycanda olan ali bitki növlərinin təqribən 1/3-i Hirkan meşələrində mövcuddur və onların bir qismi endemikdir. Kol bitkilərindən əzgil, yemişan, alça, murdarça, nar, Kolxida şümşadı, bigəvər, danaya və s. meşələrin əsas komponentləri olub meşə altını tuturlar. Hirkan Milli Parkı həmçinin öz nadir təbiət abidələri ilə də məşhurdur. Burada 100-dən çox təbiət və mədəniyyət abidələri var. Ən məşhur təbii meşə abidələrindən biri Astara rayonunun Züngüləş kəndi yaxınlığında yerləşir. Xəzər dənizinin yaxınlığı, təbiətin rəngarəngliyi ərazidə ekoturizmin inkişafı və ətraf mühitin öyrənilməsi üçün əlverişli şərait yaradır. Bütün bunlara diqqət edəndə ərazinin həm flora, həm də fauna cəhətdən zənginliyi və bu aspektdə onun mühafizəsinin də nə dərəcədə əhəmiyyətli olduğunun bir daha şahidi oluruq.

 

Relikt və endemik ağac və bitki növləri

 

 

İndi isə ərazidə mövcud olan relikt və endemik flora və onların hal-hazırki vəziyyəti ilə tanış olaq. Bununla yanaşı əsas məqsədimiz olan onların qorunması yollarını da araşdıraq.

Yuxarıda qeyd etdiyimiz kimi, Talış meşələri növ zənginliyinə görə Qafqazda 18 flora əyaləti içərisində I yeri tutur. Burada 36 növ endemik ağac və kol mövcuddur. Onlardan dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, Qafqaz xirniyi, Hirkan ağcaqayını, yalanqoz, Qafqaz xurması, qaraçöhrə, bigəvər, azat, şümşad və s. göstərmək olar. Bunlarla yanaşı Talış meşələrində relikt və endemik bitki növlərinə də çox rast gəlinir. Ərazinin sonuncu buzlaşmaya məruz qalmaması və bu səbəbdən burada Üçüncü dövr bitkilərinin, yəni relikt bitkilərinin varlığını saxlaması da buranın başqa bir üstünlüyüdür.

Ərazidə mövcud olan relikt və endemik bitki və ağac növlərinin bəzilərinə, onların bir sıra xüsusiyyətlərinə və qorunması yollarına diqqət edək.

 

Dəmirağac – Azərbaycanın III dövr relikt bitkisi olub, Talış dağlarının mərkəzi və cənub hissələrində rast gəlinir. Ağacın hündürlüyü 20-25 metrdir. 200 ilə qədər yaşayır. Yarpaqları qısa saplaqlı olub növbəli düzülüşlüdür, dairəvi və ya yumurtavari formadadır. Çiçəkləri ikicinslidir, yarpaqlamamış çiçəkləyir, 6-7 erkəkciyi, 2 sütuncuğu var. Ləçəkləri var, xüsusilə çiçəkləmə vaxtı qırmızı və bənövşəyi rəngə boyanmış erkəkciklərin hesabına çiçək daha da nəzərəçarpan olur. Meyvəsi oduncaqlaşmış dairəvi ikidivarlı qutucuqdur. Dəmirağac suda batan yeganə ağac növüdür, çox möhkəm materiala malikdir. Yerli əhali onu “ambürə do” adlandırır. Oduncaq, elektrik dirəyi və s. bu kimi yerlərdə istifadəsi onun sayısının azalmasına gətirib çıxarır. Relikt və endemik xarakterli ağac olmasını nəzər alaraq bu cür istifadəsi tamamilə qadağan edilməli və mühafizəsi daha ciddi aparılmalıdır.

 

Şümşad – Talış meşələrində bitən endemik və relikt xarakterli ağacdır. Bir növ kol kimidir. Böyümə prosesi çox zəifdir. Bir neçə metrə qədər yüksələ bilir. Həmişəyaşıldır. Eyni zamanda relikt və endemik ağac növüdür. Əsrlərlə yaşı olur, uzunömürlüdür. Maraqlıdır ki, bu bölgənin insanları onu müqəddəs sayır. Qəbiristanlıq və türbələrdə daha çox rast gəlinir. Yerli əhali onu “şımşo” adlandırır. Saylarının azalmaması üçün yeni tinglər əkilməlidir.

 

Hirkan ağcaqayını(lat. Acer Hyrcanum) Ağcaqayın fəsiləsindən ağac və kol bitkisi cinsi. Avropa, AsiyaŞimali Amerikada geniş yayılmışdır. 150-dək növü məlumdur. Azərbaycanda 8 növü var. Bir növü də olan Hirkan ağcaqayını bu ərazidə bitir və relikt sayılır. Ağcaqayın dekorativ və ballı bitkidir. Azərbaycanda hündürlüyü 30 m-ə, diametri 1 m-ə çatan ağaclar var. Oduncağından mebel, musiqi alətləri və s. hazırlanır. Relikt olma xüsusiyyətini nəzərə alaraq mebel və bu kimi istifadəsinə müəyyən qadağalar qoyulmalı, yeni tingləri əkilməlidir. Bununla yanaşı digər mühafizə tədbirləri də gücləndirilməlidir.

 

Lənkəran akasiyası – iyul-avqust aylarında çiçəkləyir. Çiçəklərinin rəngi çəhrayı rəngdə malikdir. Xüsusi ətri var. Arılar ondan şirə də çəkir. Endemik növ ağacdır. Yerli əhali onu “korə lələk” adlandırır. Əhalinin bu ağacdan oduncaq vasitəsi kimi istifadəsi qadağan edilməli, bu ağacın relikt və endemik xarakter daşımasını və olduqca əhəmiyyətliliyi sadə insanlara təbliğ olunmalıdır.

 

Qaraçöhrə – planetdə 8 növü var. Bir növü də Talış meşələrində bitir. Qaraçöhrə bizim günlərə qədər gəlib çıxan flora abidələrindən biridir. Alçaqboyludur, iynəyarpaqlıdır və onun qabığı zəhərlidir. Heyvanlar ona yaxınlaşmır. Yarpaqlı ağacların kölgəsində bitir. 50-80 il ərzində 2-3 metrə qədər hündürlüyə qalxır. Endem ağac növüdür. Sayı olduqca azdır. Mühafizə edilməsində ən yaxşı yol yeni tinglərin əkilməsidir.

 

Şabalıdyarpaq palıd – hündürlüyü 40-50 metrə qədər ola bilir. Uzunömürlüdür (təqribən 500 ildən yuxarı). Şabalıdyarpaq palıd da endemik sayılır. Yerli əhali onu “bəlelə do” adlandırır. Oduncaq kimi istifadəsinə məhdudiyyətlər tətbiq olunmalı, mühafizəsi gücləndirilərək, yeni tinglər əkilməlidir.

 

Qafqaz xurması – mayda çiçəkləyir. Tezböyüyən ağac növlərindəndir. Çiçəklərindən gətirilən bal keyfiyyətli sayılır. Əhali payızda meyvəsindən doşab (bəhməz) bişirir. Endemik xarakterlidir. Yerli əhali onu “ambo” adlandırır. Oduncaq kimi istifadəsi tamamilə qadağan edilməlidir ki, sayları tükənməsin.

 

Yalanqoz – Çay qırağlarında, bataqlıq yerlərdə daha çox rast gəlinir. Əvvəllər tikinti materialı kimi istifadə edilmişdir. Yarpaqları qoz ağacına oxşayır. Endem və relikt xarakterli ağacd növüdür. Yerli onu “mıtol” adlandırır. Endemik olması və ona görə də saylarının azalmamasının olduqca çox önəm kəsb etməsi onun mühafizəsinin də daha yaxşı təşkil edilməsini vacib edir.

 

Bu sadaladıqlarımızla yanaşı Hirkan ənciri, azat (nil ağacı), bigəvər (həmişəyaşıl kol) və onlarla bitki və ağac növləri də relikt, eyni zamanda endemik xarakterlidir. Bütün burada sadaladıqlarımız və sadalaya bilmədiyimiz ağac və kollar, yuxarıda dediyimiz kimi, həm relikt, həm də endem xarakter daşıyır. Bu cəhətdən onların qorunması digər ağac və kollarla nisbətdə daha çox önəm kəsb edir. Təbii ki, çox yaxşı olar ki, həm flora, həm də faunamız tamamilə yüksək səviyyədə qorunulsun.

 

Bu zənginliyi qorumağın vacibliyi!

 

Yuxarıda bir çox zəngin flora növləri və onların xüsusiyyətləri ilə tanış olduq. Təbii ki, bu zənginlik qorunmazsa onu itirmək təhlükəsi də sovuşmaz. Belə olan halda təcili tədbirlər görülməlidir ki, relikt və endemik olan zəngin floramızı mühafizə edə bilək. Yuxarıda fərdi olaraq onların qorunmasındakı yolların bəzilərini sadaladıq. İndi isə zəngin floramızın bütünlüklə qorunması üçün bir sıra yollara nəzər yetirək.

Floramızın qorunmasında aşağıdakılar həyata keçirilə bilər.

 

Bütün yaşayış məntəqələrinin təbii qazla təmin edilməsi – əgər təbii qazla təmin olunma tam olarsa ağacların kəsilmə prosesi də dayanar. Haçıya məlumdur təbii qazla təmin edilməyən yaşayış məntəqələrində insanlar məcburən, ehtiyac üzündən ağaclardan oduncaq kimi istifadə edirlər ki, biu da bir çox halda ağacların kəsilməsiylə müşahidə olunur. Ona görə də nə onsuz da az olan meşələrimizin daha da azalmaması üçün bu təminat çox vacibdir. Nəzərə alsaq ki, dövlət tərəfindən qazlaşdırılma prosesinin sürətlə davam edir, onda bu problemin yaxın illərdə həllini tapacağını ümid etmək olar.

 

İriboynuzlu və xüsusən xırdaboynuzlu mal-qaranın meşələrə buraxılmaması – bununla meşələrin təbii inkişafına maneəçilik törədilməsinin qarşısı alınar və bu bitkilərin qorunmasıyla nəticələnər. Çünki mal-qara, xüsusən xırdaboynuzlu heyvanlar bitki örtüyünü yeyərək tələf olunmasına səbəb olur. Nəzərə alsaq ki, bir çox relikt və endemik bitki növləri bununla tələf ola bilər, onda bu məsələnin ciddiyyəti daha yaxşı anlaşılar.

 

Yeni ağacların, xüsusən, endemik növlü ağacların əkilməsi – bu ağaclar meşələrin seyrək olduğu və ümumiyətlə meşə massivinin olmadığı yerlərə əkilməlidir. Bununla həm endemik ağacların tükənmə təhlükəsi azalar, həm də meşə sahələri artmış olar. Çünki, yuxarıda qeyd edilən məlumatlara baxdıqda görürük ki, ölkəmizdə adam başına düşən meşə sahəsi olduqca azdır (0.12 ha). Eyni zamanda dövlət orqanları tərəfindən meşələrin qırılmamasına nəzarət də artırılmalı, qanunlar daha da sərtləşdirilməlidir. Bəşəriyyətin ağ ciyərləri hesab olunan meşələrin ölkəmizdə ərazilərinin artırılması çox önəmlidir.

 

Tədris müəssisələrində ekoloji tərbiyəyə daha çox diqqət ayrılması – bununla da gələcək nəsillərimizin ətraf mühit haqqında məlumatları artmış olar və onun qorunmasında daha da diqqətli davranar. Yaxşı olar ki, ibtidai sinifdən başlayaraq son sinifə qədər bu mövzuya saatlar ayrılsın. Hətta universitetlərdə də ekologiyanın qorunması mövzusunda saatların ayrılması bu tədrisin davamı hesab oluna bilər. Ümid edirik ki, bu, tələbələrin də ekologiya mövzusunu gündəmlərində saxlamasına, bununla əlaqədar tədbirlərə qatılmasına və ümumən bütün həyatları boyu evimiz olan ətraf mühitə qayğı göstərməsinə səbəb ola bilər.

 

Kütləvi informasiya vasitələrində daha çox ekoloji məlumatlandırılma və mühafizəsinə təşviq edilməsi – televiziya, radio, qəzet, jurnal, internet saytları, sosial şəbəkələrdə bu sahəyə çox diqqət ayrılmalı, süjet və qısametrajlı filmlər hazırlanmalıdır. Xüsusən, sosial şəbəkələrdə bununla əlaqədar görülən işlər artırılmalıdır. Sadə vətəndaşlarımız da bu işlərə qoşulsalar çox gözəl olar. Eyni zamanda şəhər mərkəzlərində bununla əlaqədar məlumat lövhələri asılmalıdır. Bununla insanların məlumatlandırılması daha çox önəmlidir. Nəzərə alsaq ki, günümüzdə bu vasitələrdən istifadə çox geniş yayılıb, onda bunun nə qədər əhəmiyyətli olduğu bir daha aydın anlaşılar.

Yuxarıda qeyd edilən tövsiyələrin, alternativ yolların həyata keçirilməsinə daha çoq diqqət ayrılarsa yaxın zamanlarda yuxarıda qeyd etdimiz problemlərin həlli də mümkün ola bilər. Ümid edirik ki, dövlət orqanlarıyla yanaşı, hər bir sadə vətəndaşımız da bu sahədə əlindən gələnini əsirgəməyəcək və bununla da ətraf mühitin qorunmasına öz töhfəsini vermiş olacaq.

 

Qeyd edək ki, bu yazıda Akademik Həsən Əliyevin əsərlərindən, Təbii Sərvətlər və Ekologiya Nazirliyinin saytındakı rəsmi məlumatlarından, Azərbaycan Sovet Ensiklopediyasından, o cümlədən, A.Ə.Əliyev, H.K.Həsənov, İ.S.Səfərov, V.C.Hacıyevin əsərlərindən və digər ədəbiyyatdan istifadə edilmişdir. Bunlardan istifadə edilməsindəki əsas məqsədimiz, dəqiq statistik məlumatları və bir sıra elmi terminləri daha dəqiq şəkildə əldə etmək və alimlərin fikirlərini bir daha cəmiyyətə çatdırmaqdır.

Akademik Həsən Əliyev yazırdı ki, “Talış diyarını tam əsasla dendroparka və ya botanika (nəbatət) bağına bənzətmək olar”.

Bütün bunlara nəzər yetirdikdə əmin oluruq ki, bu təbii sərvətlərin qorunması bizim ümdə vəzifələrimizdən biri olmalıdır. Əks halda, biz bu sərvəti itirmək təhlükəsi ilə üz-üzə qala bilərik ki, bu da gələcək nəsillər adına bir faciə sayıla bilər.

 

 

Həbib Əlizadə

Category: TARİX . | Views: 311 | Added by: ruslantalish7 | Tags: Həbib Əlizadə | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  May 2020  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Entries archive

Site friends

Copyright MyCorp © 2020